İrritan kontakt dermatit turşu, qələvi, müxtəlif aşındırıcı, yuyucu vasitələrin dəriyə təsiri nəticəsində yarana bilər. Hətta suyun belə dəriyə uzun müddətli təsiri irritan kontakt dermatitə səbəb ola bilər. İrritan kontakt dermatitin ortaya çıxmasında allergik formadan fərqli olaraq immun sistem iştirak etmir. Saydığımız maddələrin dəriyə birbaşa təsiri nəticəsində dərinin təbii qoruyucu yağ təbəqəsi zədələnir və bu tablo ortaya çıxır. Əllərini tez-tez yumaq məcburiyyətində olan insanlarda daha çox rastlanır. Belə ki tibb işçilərində, aşpazlarda, təmizlik işçilərində sıx görülür.
