DƏRMAN ALLERGİYALARI
Dərman allergiyası

Bütün dərmanların allergik reaksiyaya səbəb olma ehtimalı var. Allergik reaksiyanın ortaya çıxması dərmanın dozası və farmakoloji təsirinə yox, reaksiya görünən adamın immunitetinə və genetik xüsusiyyətinə bağlıdır. Allergiya vermə riski yüksək olan bir qrup dərman var. Bunlar:

  • Antibiyotiklər (penisilin, sefalosporinlər və s.)
  • Ağrıkəsicilər
  • Miorelaksantlar
  • Radyokontrast maddələr
  • Epilepsiya dərmanları
  • Kimyaterapiya dərmanları
  • Anestetiklər
Dərman allergiyası

Dərman allergiyalarında digər orqanlarla müqayisədə ən çox dəri dəyişiklikləri ortaya çıxır. Ani və gec reaksiyalar olur. Ani reaksiyalar dərman qəbulundan sonra 1 saat içində əmələ gəlir. Bunlar ən təhlükəli olanlardır. Klinik olaraq övrə (qırmızı qabarıqlıqlar), angioödem (gözdə və dodaqda şişlik), bronx spazmı və anafilaktik şok şəklində olur.

Gec reaksiyalar dərmandan sonra saatlar-həftələr içərisində yarana bilər. Klinik olaraq ən çox makülopapüler şəkildə olmaqla yanaşı, fərqli dəri xəstəliklərinə bənzər şəkildə də ortaya çıxa bilər. Gec reaksiyalar içərisində də həyati təhlükəsi olanlar var. Bunlar Stevens-Johnson sindromu, Toksik epidermal nekroliz (TEN) və dərman hipersensitivite sindromu (DRESS) hesab olunur.

Əgər xəstədə dərmana bağlı dəri səpgiləri ilə yanaşı qızdırma, selikli qişalarda zədələnmə, qanda eozinofiliya, qaraciyər, böyrək funksional testlərində yüksəlmə varsa bu, dərman allergiyasının şiddətli olduğunu göstərir.

Ən sıx görülən dərman reaksiyaları makülopapüler reaksiya(30-56%) və övrə-angioödemdir (12-20%).

Dərman allergiyasının qarşını almaq üçün mümkün olduqca lazımsız dərman istifadə olunmamalıdır. Vitamin, bitki tərkibli dərmanlar belə allergik reaksiyaya səbəb ola bilər. Özünü müalicədən qaçınmaq lazımdır. Hər problemdə mütəxəssisə müraciət etmək məsləhətdir.. Hər hansı bir dərmana allergiya olduğunda ani reaksiyalarda təcili yardıma müraciət etmək lazımdır. Dərman qəbulundan bir neçə gün-bir neçə həftə içərisində yaranan dəri dəyişikliklərində dermatoloq müayinəsi vacibdir. Və şübhəli dərman mütləq kəsilməlidir. İstifadə etməkdə olduğunuz dərmanların ya reseptini ya da özünü mütləq həkimə göstərin. Bu, allergiyaya səbəb olan dərmanı dəqiqləşdirməyə kömək edir.

Dİgər məlumatlar
Derm.az

Derm.az

Dermatoloqgiya, dəri-zöhrəvi xəstəliklər və kosmetologiya haqqında ümumi faydalı məlumatlar

Allergik dermatit

Video

APA TV-də kontakt dermatit haqqında geniş videomüsahibə